Sankt-Peterburqda Rusiya Etnoqrafiya Muzeyində “Muzey və dövr” adlı beynəlxalq konfrans keçirilib

Sankt-Peterburqda Rusiya Etnoqrafiya Muzeyində “Muzey və dövr” adlı beynəlxalq konfrans keçirilib. MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafı məqsədilə “Birliyin irsi. Gələcək üçün ənənələr” mövzusunda təşkil olunan konfransda Azərbaycan Milli Xalça Muzeyinin direktor müavini, Baş fond mühafizi Mira Məmmədxanova da iştirak edib. Mira xanım "Postsovet məkanı muzeylərinin mədəniyyətlərarası əlaqələri mədəni anlaşma dialoqu kimi" adlı məruzə ilə çıxış edib. O, təmsil etdiyi muzeyin fəaliyyəti, kolleksiyaları, MDB ölkələri muzeyləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti, Rusiya Etnoqrafiya Muzeyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutan konfransa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan kimi ölkələrdən aparıcı muzeylərin rəhbərləri və mütəxəssisləri qatılıblar.