Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib
Muzeyimizdə füsunkar təbiətə, zəngin mədəni irsə, qədim tarixi abidələrə malik gözəl diyarımız Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib. Kəlbəcər şəhəri gününə həsr olunan “Zəfərə aparan yol” adlı tədbirdə rayonun ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edib. Qonaqlar öncə muzeyimizin kolleksiyasına yeni daxil olan XVII əsrin əvvəllərinə aid Qarabağın “Xətai” xalçası ilə, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar. Muzeyin Şuşa filialının təşkilatçılığı iləbaş tutan tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirov, Professor, Əməkdar elm xadimi Şahlar Əsgərov, Millət vəkili Aqil Məmmədov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, şəhid atası, şair, əməkdar müəllim Mirsəyyaf Zamanlı, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək Kəlbəcərin tarixi, zəngin maddi-mədəniyyət abidələri barədə danışıblar, doğma yurdları ilə bağlı xatirələrini bölüşüblər. Onlar xalqımıza bu sevincli, şərəfli günləri yaşadan qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, şəhidlərimizə sonsuz minnətdarlıq hisslərini bildiriblər.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.