Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib

Bəşər tarixinin ən dəhşətli, xüsusi amansızlıqla törədilmiş hadisələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə qərənfillər düzülüb.

Sonra muzeydə faciənin ildönümünə həsr olunmuş tədbir keçirilib. İştirakçılar öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev Xocalı soyqırımı cinayətləri, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş dəhşətlər barədə çıxış edib. O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz igidliklər göstərən rəşadətli ordumuzun faciə qurbanlarının qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını bildirib.

“Ana harayı” abidəsinin layihə rəhbəri, memar Camal Rəşid Əlizadə abidə kompleksinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib, həmin dövrə aid xatirələrini bölüşüb.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş video-çarx göstərilib, həmçinin Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsmlər sərgilənib.

Fevralın 24-dən muzeyin foyesində Əməkdar rəssam Aydın Rəcəbovun müəllifi olduğu, Xocalı faciəsini şəxsən yaşamış toxucuların əl işi olan “Ana fəryadı” adlı xalça nümayiş etdirilir.