Bu gün Xalq rəssamı, professor Kamil Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anım günüdür.

Kamil Əliyev ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunmasına və inkişafına həsr etmiş böyük sənətkardır. O, milli naxış elementlərindən bəhrələnərək Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə, yeni məzmuna malik sənət nümunələri ilə zənginləşdirib. Rəssamın çeşniləri əsasında toxunmuş xalçalar kompozisiya özünəməxsusluğu, süjet və ornament rəngarəngliyi, bədii-estetik mükəmməlliyi ilə seçilir.

Əsərlərinin böyük qismində sarı və qızılı rənglərin çoxsaylı çalarlarını məharətlə istifadə edən sənətkarın qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı ilə seçilən portret-xalçaları qiymətli sənət nümunələridir. “Nizami”, “Füzuli”, “Nəsimi”, “Heydər Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə”, “Atatürk”, “Mir Mövsüm Ağa”, “A.S.Puşkin”, “Rabindranat Taqor” kimi onlarla tarixi şəxsiyyətlərə ithaf olunmuş portret xalçaları, həmçinin milli ornamentlərlə zəngin digər əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib.

Azərbaycan Milli Xalça Muzeyinin kollektivi milli xalça sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq rəssamı Kamil Əliyevin xatirəsini böyük ehtiramla yad edir. Onun parlaq şəxsiyyəti bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.