Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb
Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi açılıb.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar incəsənət xadimi İlqar Fəhmi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış edərək Aydın Rəcəbovun zəngin yaradıcılıq yolundan bəhs ediblər. Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər nümayiş etdirilir. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alır.
Görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatur sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.
Milli xalça sənətimizin bütün incəliklərindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik Aydın Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək.