Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyində tanınmış uşaq yazarı, professor Solmaz Amanovanın iştirakı ilə “Nağıl saatı” keçirilib. Solmaz xanım 20 nömrəli məktəb-liseyin birinci sinif şagirdlərinə kiçik yaşlardan mütaliəyə başlamağın, bunu vərdişə çevirməyin vacibliyindən və əhəmiyyətindən danışıb. O, balaca dinləyiciləri üçün müəllifi olduğu "İlmənin macəraları" kitabından nağıllar qiraət edib.

Muzeyin Uşaq şöbəsi tərəfindən təşkil olunan tədbirdə məktəblilər üçün yumağın düzəldilməsi üzrə ustad dərsi də keçirilib, həmçinin onlara kiçik hədiyyələr bağışlanıb.

Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul olunub. Bu əlamətdar gün 1997-ci ildən etibarən Azərbaycanda da qeyd edilir. Məqsəd isə kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.