Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyətə başlamasından 37 il ötür

Bu gün Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyətə başlamasından 37 il ötür. Qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə açılan filial 1992-ci ildə Şuşanın işğalından sonra, öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirib.

10 may 2023-cü ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Şuşa filialı doğma diyarda yenidən açılıb. Hazırda filial şəhərin Yuxarı məhəlləsində XIX əsrin ikinci yarısında tikilən, işğal dövründə yararsız hala düşdüyü üçün Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq, tarixi siması özünə qaytarılan binada yerləşir.

Şuşa filialının ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər kolleksiyaya daxil olan əsərlər də sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri təqdim olunur.

Tamaşaçıların eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilməsi üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Burada Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illərdəki fəaliyyəti haqqında məlumatlar verilir.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.