23-26 may 2024-cü il tarixlərində Moskva şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntermuzey 2024” Beynəlxalq muzey festivalı keçirilir.

23-26 may 2024-cü il tarixlərində Moskva şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntermuzey 2024” Beynəlxalq muzey festivalı keçirilir. “Muzey insanlardır” (Музей – это люди) mövzusunda təşkil olunan tədbirdə müasir muzeylərin inkişafı istiqamətində çalışan şəxslərin və auditoriyanın rolundan bəhs edilir. Tədbirə müxtəlif ölkələrin muzey rəhbərləri, kuratorlar, bərpaçılar və bu sahədə fəaliyyət göstərən digər mütəxəssislər qatılıb.

“İntermuzey 2024” Beynəlxalq muzey festivalının plenar iclasında Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova çıxış edib. O, həmçinin “Xalça muzeyi: qiymətli iplərdən toxunmuş aləm” (Музей ковра: плетеный мир из драгоценных нитей) adlı məruzə də təqdim edib. Xalça muzeyinin tarixi, kolleksiyaları, burada tətbiq olunan tədris proqramları, bu mədəniyyət ocağının müasir üslublu binası haqqında geniş mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanıb. M.Məmmədxanova daha sonra tamaşaçıların suallarını cavablandırıb, qarşılıqlı müzakirələr aparılıb.