Azərbaycan Milli Xalça Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçirilib

Azərbaycan Milli Xalça Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçirilib. Tədbirdə “Röya”, “Uğurum”, Füzuli şəhəri Seyid Şuşinski adına 1 nömrəli incəsənət məktəbinin rəqs qruplarının, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Buta” vokal qrupunun bir-birindən maraqlı ifalarından ibarət konsert proqramı, kloun şousu təqdim edilib. Burada muzeyin Uşaq şöbəsi tərəfindən hazırlanan “Uçan xalça” marionet teatr tamaşası göstərilib.

Festivalda ustad dərsləri, “face art”, muzeyin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Göyqurşağı” rəsm sərgisi baş tutub. Festivalda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nənəmin sandığından” moda nümayişi keçirilib.

Tədbirə qatılan 200-dək uşağa festivalın simvolu olan toxunma qolbaqlar hədiyyə edilib.