Azərbaycan Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılıb
İyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgidə Monteneqronun zəngin milli-mədəni irsə malik olduğunu göstərən XIX–XX əsrlərə aid 170-dən çox eksponat yer alır. O, Monteneqro Milli Muzeyinin kolleksiyasından olan geyimlərin Qədim Balkan, Roma, Bizans, yunan, slavyan, hətta türk və islam irsinin özəlliklərini əks etdirdiyini diqqətə çatdırıb. Tamaşaçıların burada şəhərli və kəndli, zadəgan və sadə insanların, həmçinin gündəlik və bayram geyimləri ilə əyani tanış olacaqlarını vurğulayıb. Qeyd edib ki, mədəni, etnik və dini müxtəliflik, bu müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi Monteneqro ənənəvi mədəniyyətini unudulmaz edir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rəfael Hüseynov iki ölkə arasında siyasi və mədəni əlaqələrin, həmçinin dostluq münasibətlərinin daim inkişaf etdiyini deyib. “Müxtəlifliyin gözəlliyi” sərgisinin qarşılıqlı əməkdaşlığın, mədəniyyət bağlarının möhkəmlənməsinə töhfə olduğunu bildirib.
Monteneqro Milli Muzeyinin direktoru Yakşa Çalasan Monteneqro mədəni irsinin bir hisəsini Azərbaycan xalqına nümayiş etdirməkdən böyük məmnunluq duyduqlarını söyləyib.
Monteneqro Tarix Muzeyinin direktoru Filip Kuzman isə çıxışında diqqətə çatdırıb ki, ölkəsinin ərazisi çox kiçik olsa da, zəngin və bənzərsiz mədəni irsə, unikal milli geyimlərə sahibdir. O, mədəniyyət və ənənənin bütün xalqları, ölkələri birləşdirən, fərqli dünyanı daha yaxşı anlamağa imkan verən vasitə olduğunu deyib. Mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirməyin, ümumi mədəni və tarixi irsin, dəyərlərin təbliğinin vacibliyini vurğulayıb.
Sonra qonaqlar sərgiyə tamaşa ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə baş tutan sərgi avqustun 31-dək davam edəcək.