Azərbaycan Milli Xalça Muzeyind’ “Könüllü proqramı”na start verilir

Azərbaycan Milli Xalça Muzeyi “Könüllü proqramı”na 2024-cü ilin yayında yenidən start verir.

Könüllü fəaliyyəti ali və orta ixtisas müəssisələrində xalçaçılıq, rəssamlıq, bələdçi, bərpaçı, tərcüməçi, beynəlxalq əlaqələr və s. kimi ixtisaslar üzrə təhsil alan və ya təhsilini bitirmiş 18-28 yaş arası gənclər üçün təşkil olunur.

Muzey işinə, xalça sənətinə maraq göstərən gəncləri 2 ay (1 iyul – 1 sentyabr) davam edəcək proqrama qoşulmağa dəvət edirik. Könüllülər həftənin 5 günü səhər (09:00-14-00) və günorta (14:00-19:00) növbələri üzrə fəaliyyət göstərəcəklər.

Namizədlərdən Azərbaycan, ingilis, rus dili bilikləri, kreativ düşünmə, intizamlı, məsuliyyətli, operativ, ünsiyyətcil və mehriban olmaq, kollektivlə işləmək bacarığı tələb olunur.

Könüllülük müddətində iştirakçılar muzeyin müxtəlif şöbələrinin təcrübəli əməkdaşları ilə birlikdə çalışaraq bilik və bacarıqlarını artıracaq, peşə vərdişlərinə yiyələnəcək, gələcək karyeraları ilə bağlı yeni fürsətlər yaratmaq şansı qazanacaqlar. Müqavilə öhdəliklərini uğurla yerinə yetirən hər kəsə sertifikat və xasiyyətnamə veriləcək.

Azərbaycan Milli Xalça Muzeyinin könüllüləri sırasına qoşulmaq istəyirsinizsə, mövzu hissəsində “Könüllü proqramı” yazmaqla mail@azcarpetmuseum.az elektron ünvanına CV göndərə bilərsiniz.

Əlavə məlumat üçün əlaqə: (+994) 12 497 20 16

Azərbaycan Milli Xalça Muzeyində 2016-cı ildən etibarən həyata keçirilən “Könüllü proqramı”na ümumilikdə 133 nəfər qatılıb. Onların arasında azərbaycanlılarla yanaşı, Türkiyə, ABŞ və Kanada vətəndaşları da olub. Proqram iştirakçılarının bir qismi könüllülük müddətini uğurla başa vuraraq müxtəlif müəssisələrdə işləməyə başlayıblar.