Latviyalı tanınmış şair və yazıçı Yanis Akuratersin Muzeyi üçün Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ərsəyə gətirilən Qarabağın “Dəryanur” xalçası
İyulun 25-də Latviyalı tanınmış şair və yazıçı Yanis Akuratersin Muzeyi üçün Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ərsəyə gətirilən Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.
Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru Rita Meinerte, Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova tədbirdə çıxış ediblər. Tədbirə həmçinin Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov qatılıb.
Latviya parlamentinin sədri D.Mierina bu ilin mayında ölkəmizə səfərini məmnunluqla xatırlayaraq sözügedən tədbirin əməkdaşlıq rəmzinin olduğunu və ikitərəfli mədəni əlaqələrin zənginləşdirməsinə töhfə verdiyini söyləyib.
Səfir E.Sultanov bildirib ki, bu il Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və hazırkı tədbir ikitərəfli münasibətlərdə əlamətdar hadisədir. Səfir iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıqda xalça mövzusunun önəmli yer tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Ə.Məlikova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Muzeyin gələcəkdə də latviyalı həmkarları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, təqdimatdan əvvəl “Xalça – ev bəzəyi. Şərq–Qərb hekayəsi” mövzusunda simpozium keçirilib. Simpoziumda çıxış edən Azərbaycan və Latviya tədqiqatçıları “Dəryanur” xalçasının ərsəyə gəlməsi, Yanis Akuraters Muzeyinin fəaliyyəti, xalçaların Latviyanın tarixi interyerlərində tutduğu yer, XIX-XX əsrlərdə Azərbaycanda yaşamış latviyalı ədibləri, xüsusilə Yanis Yaunsudrabinşin müəllifi olduğu “Ölüm rəqsi” kitabı, həmçinin digər mövzular barədə çıxışlar edib, fikir mübadiləsi aparıblar.
Sonda Latviyada fəaliyyət göstərən “Buta” rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri təqdim olunub, ölkəmizin tanınmış şairlərinin poeziyasından seçmə parçalar Latviya Milli Teatrın aktyoru Qundars Qrasberq tərəfindən latış dilində səsləndirilib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyi və Latviyanın Xatirə Muzeyləri Birliyi arasında imzalanmış müqaviləyə əsasən, Yanis Akuraters Muzeyində qorunan ağ-qara arxiv fotosunda əksini tapan xalça Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın rəhbərliyi ilə ekspertlər – Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar rəssamlar Məmmədhüseyn Hüseynov və Taryer Bəşirov, həmçinin dəvət olunmuş italiyalı ekspert Alberto Boralevi tərəfindən təhlil edilib, onun Qarabağ qrupuna aid “Dəryanur” xalçası olması, materialı, rəngləri və ölçüsü müəyyənləşdirilib. Vaxtilə Yanis Akuratersin evində yer alan həmin sənət nümunəsi Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində Taryer Bəşirovun eskizi əsasında xalçaçılar Şəkər Ələsgərova, Ulduz Nəcəfova, Yeganə Abasova tərəfindən yenidən toxunub.