Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgidə Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunub
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub. Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunub.
Burada muzeyin kolleksiyasından XVIII əsrdən müasir dövrədək olan 20-dən artıq xalça nümunəsi təqdim edilir. Bunlara vərni, zili xovsuz xalçaları, “Ağaclı”, “Şıxlı”, “Cəyirli”, “Alpan” xovlu xalçaları, həmçinin çul, heybə, məfrəş, ləməqabağı kimi xalça məmulatları aiddir. Şirvan, Quba, Bakı, Qazax, Qarabağ və Təbrizdə toxunan, bənzərsiz bədii quruluşu, rəng ahəngdarlığı, zərif toxunuşu və özünəməxsus naxışları ilə seçilən bu unikal eksponatlar stilizə edilmiş zoomorf və nəbati ornamentlərlə zəngindir. Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev və Eldar Mikayılzadənin müəllifi olduğu xalçalar və eskizlər də təqdim edilən sənət nümunələri arasında xüsusi yer tutur.
Sərgidə həyatının 30 ildən çoxunu ölkəmizdə qədim tarixi köklərə malik qurama sənətinə həsr edən Xalidə Nəsirovanın Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında yer alan əl işləri də nümayiş olunur. Onların əksəriyyətini müxtəlif dekorativ örtüklər təşkil edir. Xalidə Nəsirovanın ipək, pambıq, atlas və s. növ parçalardan hazırlanan mürəkkəb və zəngin naxışlı əsərlərində “buta”, “göz” elementləri, kvadrat, üçbucaq formalı müxtəlif həndəsi ornamentlər, memarlıq təsvirləri və s. əksini tapıb.