Görkəmli xalçaçı-rəssam Lətif Kərimovun xatirəsi anılıb

17 noyabr Azərbaycan Milli Xalça Muzeyi üçün çox əlamətdar tarixdir. 1906-cı ilin bu günü müqəddəs şəhərimiz Şuşada ornamentalist rəssam, sənətşünas, Azərbaycan xalça sənətinin elmi səviyyədə öyrənilməsi və təbliğində müstəsna xidmətlər göstərən, dünyada ilk dəfə Bakıda xalça muzeyinin yaradılmasının təşəbbüskarı olan Lətif Kərimovun doğum günüdür.

Görkəmli alimin anadan olmasının 118-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Fəxri xiyabana gələrək yüksək mədəniyyəti, ensiklopedik biliyi, iliyinə, qanına kimi Vətənə, millətə bağlı şəxsiyyət olan Lətif Kərimovun məzarına gül dəstələri qoyublar. Onlar ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan xalça sənətinə həsr edilmiş fundamental əsərləri ilə tanınan sənətkarla bağlı xatirələrini bölüşərək dərin hörmət və ehtiramlarını bildiriblər.

Doğma ocağı, yaradıcılığının şah əsəri sayılan Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının toplanması, xalçaların elmi təsnifatının hazırlanması, sistemləşdirilməsi, gənc kadrların, peşəkar rəssam və sənətşünasların hazırlanması Xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Yerli əhəmiyyətli və beynəlxalq sərgilərdə əsərləri ilə tamaşaçıları heyrətləndirən müəllifin “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli ” xalça və eskizləri hazırda muzeyin kolleksiyasında qorunur.

Ömrünü xalçaçılıq sənətinə həsr edən görkəmli şəxsiyyət Lətif Kərimov öz yaradıcılığı ilə Azərbaycan incəsənət tarixində və bütün sənətsevərlərin qəlbində əbədi var olacaq.