Palau Respublikasının prezidenti Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Palau Respublikasının Prezidenti Surangel Uipps Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. Ali qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayıb. Ona qədim xalçaçılıq ənənələrimiz, muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları barədə ətraflı məlumat verilib. Qonaq muzeyimizdə yeni açılan, COP29-a həsr olunan “İqlimlər və ilmələr” sərgisinə də baxış keçirib.

Əminə xanım ölkə başçısına Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunan kitab hədiyyə edib. Sonda prezident muzeylə bağlı təəssüratlarını xatirə kitabına yazıb.

Qeyd edək ki, Prezident Surangel Uipps Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı COP29-da iştirakın ona mədəniyyətimizlə tanış olmaq imkanı yaratmasından məmnunluğunu bildirib.