Avstriya zərgərlik brendi FREYWILLE Qarabağın vərni xalçasından ilhamlanaraq “Sehrli xalça” adlı yeni kolleksiya yaradıb
Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın dünyaca məşhur zərgərlik brendi FREYWILLE-nin “Sehrli xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib. Bu unikal kolleksiya Milli Xalça Muzeyi ilə FREYWILLE arasında imzalanan Anlaşma Memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.
Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov FREYWILLE brendinin Azərbaycan xalçalarının naxışları həkk olunmuş kolleksiyasını mədəniyyətimizin təbliği baxımından uğurlu hadisə adlandırıb. O, yeni kolleksiyanı sənətkarlığın, tarix və incəsənətin möhtəşəm harmoniyası kimi dəyərləndirib. FREYWILLE şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın FREYWILLE zərgərlik evi arasındakı əməkdaşlıqdan qürur duyduğunu bildirib.
FREYWILLE şirkətinin rəhbəri Fridrix Ville isə öz videomüraciətində onların Azərbaycan Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu bildirib.
Tədbirdə Muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan vərni xalça fraqmentlərinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.
Tədbirin bədii hissəsində tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və onu müşayiət edən sənətçilər tərəfindən Azərbaycan və Avstriya xalq musiqiləri ifa olunub, “Mirvari” rəqs ansamblı isə Qara Qarayevin “Yeddi gözəl” əsərindən rəqs təqdim edib.
Qeyd edək ki, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən “Sehrli xalça” kolleksiyası Qarabağın məşhur xovsuz xalçası vərninin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Bu xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Xalq inancına görə, mühafizəkar əjdahalar suyu, bolluq və bərəkəti təmsil edir, əjdaha təsvirli xalça asılmış evə şər qüvvələr gəlmir. Onu hətta evin, ailənin qoruyucusu hesab edirdilər.
1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan FREYWILLE şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri - Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edir.