“Azərbaycan xalçaçılıq sənətinin dirçəldilməsi: orijinallıq və innovasiya” layihəsi çərçivəsində treninq keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçaçılıq sənətinin dirçəldilməsi: orijinallıq və innovasiya” layihəsi çərçivəsində ilk treninq keçirilib.

Tədbirdə muzeyin direktoru Əminə Məlikova çıxış edərək çeşnisiz xalçatoxuma ənənəsinin dirçəldilməsi məqsədilə həyata keçirilən layihə barədə məlumat verib. O, Ənənəvi texnologiya şöbəsinin peşəkar toxucuları tərəfindən iki xovlu, üç xovsuz xalçanın qədim dövrlərin təcrübəsinə əsaslanaraq ərsəyə gətiriləcəyini bildirib.

Sonra Könüllülər Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov, layihənin koordinatoru Bəxtiyar Əliyev iştirakçılara müasir dövrdə Azərbaycan xalçaçılıq sənətinin dirçəldilməsində orijinallıq və innovasiyanın əhəmiyyətini vurğulayıblar.

Muzeyin elmi katibi Xədicə Əsədova isə treninq iştirakçıları, o cümlədən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və onun nəzdindəki İncəsənət Kollecinin, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin və onun nəzdindəki Humanitar Kollecin tələbələri üçün “Azərbaycan xalçasının dünəni və bu günü” mövzusunda məruzə ilə çıxış edib.

Sonda tələbələrin səsverməsi ilə layihə çərçivəsində çeşnisiz toxunulacaq ənənəvi xalçalar seçilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etidyi Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalib olan "Könüllülər Kitabxana" İctimai Birliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin tərəfdaşlığı ilə həyata keçirilir.