“Bərpa olunmuş eksponatlar” sərgisi
15 sentyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində konservasiya və bərpa olunmuş 60-dan çox eksponat nümayiş olunub. Bunlar xovlu və xovsuz xalçalar, xalça məmulatları, tikmə, geyim, bədii metal, çini, şüşə və ağac məmulatlarından ibarət idi. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus ən füsunkar sənət inciləridir.
“Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmədi. Sərgi zamanı eksponatların konservasiya prossesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərslər keçirildi. Eyni zamanda, burada xüsusi qısametrajlı film təqdim olundu. Filmdə bərpa sirləri və bərpaçıların bacarıqları nümayiş olundu və bununla da, ziyarətçilər bu maraqlı və zəhmət tələb edən sahə barəsində məlumat əldə etmək imkanını qazandılar.
Qeyd edək ki, “Bərpa olunmuş eksponatlar” sərgisi 15-29 sentyabr tarixləri ərzində davam etmişdir.