I Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu
2-3 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə institutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə I Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu təşkil olunmuşdur. Tədbirin təşkil olunmasında məqsəd müxtəlif türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılması, uzaq regionlarda yaşayan türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərmək, bu naxışların türk dünyası incəsənətindəki “ortaq dil” olduğu həqiqətini vurğulamaqdır.
Tədbirin açılışında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Milli Məclisin deputatı Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qırğızıstan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəni işlər komitəsinin direktoru Dinara Çoçunbayeva, Əhməd Yəsəvi Universitetinin rektor müavini Mustafa Nursoy və Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxış etdilər.
Daha sonra qonaqlar simpoziumun çərçivəsində, Lətif Kərimovun anadan olmasının 110 illiyi münasibəti ilə onun əvvəllər nümayiş olunmamış müəllif eskizlərindən və Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgisinə baxmağa dəvət olundular.
Simpozium çərçivəsində keçirilən akademik sessiyalarda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan xalça üzrə mütəxəssislər iştirak etdilər. Sessiyalar iki gün davam etmiş və bu müddət ərzində 6 türk ölkəsindən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan) simpoziuma qatılan 21 natiq məruzələrlə çıxış etmişdir. Onlar ilk dəfə keçirilən simpoziumun mahiyyətindən danışdılar və türkdilli xalqların ortaq incilərinin öyrənilməsi, təbliği və xalça ornamentləri barədə müzakirələr etdilər.