"Xalçaçılıq sənəti" üzrə beynəlxalq konfrans
16 noyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyi və Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi arasında bağlanmış müqaviləyə əsasən, uzun illər davam edən “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun 110 illik yubileyi münasibəti ilə “Xalçaçılıq sənəti” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin (İCOM Rusiya) təşkilati və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
Beynəlxalq Konfransda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın aparıcı mədəniyyət ocaqlarının − Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpası Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, Rusiya Dövlət Bərpa üzrə Elmi-Tədqiqat İnstitutu, Dövlət Şərq Xalqları Muzeyi, Fyodor Şalyapinin ev-muzeyi, Gürcüstan Milli Muzeyi, Q. Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, “UZ Datkalar” Qırğız İctimai Təşkilatı, Qazaxıstan Respublikası Milli Muzeyi və digər muzeylərin əməkdaşları iştirak ediblər.
Konfrans ərzində iştirakçılar xalça və parçaların tədqiqatı, saxlanması, konservasiyası, bərpası və sərgilənməsi məsələləri üzrə müzakirələr və fikir mübailəsi apardılar.