“Azərbaycan Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” sərgisi
18 may 2016-cı il, Beynəlxalq Muzeylər Günü tarixində Azərbaycan Xalça Muzeyinin zərgərlik fondunun açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Kübra Əliyeva və digər çıxış edənlər zərgərlik sənətinin qədimliyindən danışdılar.
Hal-hazırda muzeyin zərgərlik fondunda 800-ə yaxın eksponat qorunub saxlanılır. Zərgərlik fondunun ekspozisiyası Tunc dövrünə aid olan nadir nümunələrdən, XIX əsrin sonu-XX əsrin əvvəllərini əhatə edən həm qadın, həm də kişi zinət əşyalarından ibarətdir.
Bu tarixdən etibarən zərgərlik fondu muzeyin qonaqlarına açıq elan olundu. Bununla da, ilk dəfə olaraq şəhərimizin sakinləri və qonaqları yalnız Azərbaycan Xalça Muzeyində fond-saxlanc otağına daxil olmaq imkanı əldə edərək zəngin və füsünkar kolleksiya ilə tanış ola bilərlər.