“Mənim bayrağım” tədbiri

6 noyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi tərəfindən “Dövlət bayraq günü” münasibəti ilə “Mənim bayrağım” adlı tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, muzeyin Uşaq muzeyi şöbəsinin müdiri Azər Abdullayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova və Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova çıxış ediblər. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlara və gənclərə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.

Daha sonra Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim bayrağım” adlı rəsm sərgisi və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub. Burada qonaqlara Avropa liseyi şagirdlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar və şeirlər təqdim olunub.