“Naxışlarda yaşayan Şuşa” tədbiri
8 may 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Xalça Muzeyinin və Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsi ilə birgə təşkil olunmuşdu.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının keçmiş müdiri, icra hakimiyyətinin əməkdaşları və xalçaçı-alimlər çıxış ediblər. Onlar Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə danışaraq öz xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Şuşa Musiqili Dram teatrının aktyorları tərəfindən yazıçı Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” adlı tamaşası, vətənpərvərlik mövzüsunda mahnılar, “Şuşa xatirələri” adlı rəsm sərgisi təqdim olunub.
Tədbirin sonunda “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq qonaqlara təqdim olunub. Kataloqda Şuşanın və filialın tarixindən, o cümlədən, Qarabağ sənətkarlığından bəhs olunmuşdur. Albom hissəsində xilas edilmiş eksponatlar – xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli geyim, tikmə, zinət əşyaları və silahlar dərc olunmuşdur.