“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərslər
26 oktyabr 2016-cı il tarixində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərslər təşkil olunub.
Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Leksiyalar və dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff tərəfindən keçirilib. Xanım Müller-Radloff 1982-2009-cu illərdə Leypsiq Etnoqrafiya Muzeyində, 2010-cu ildən etibarən Drezden Dövlət İncəsənət Kolleksiyasında tekstsil konservatoru vəzifəsində çalışır. O bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə iştirak etmiş və dünyanın bütün qitələrindən olan tekstil kolleksiyalarının bərpası və konservasiyası ilə məşğuldur.