“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar
25-27 yanvar 2017-ci il tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar keçirildi.
Seminarın ilk günü Azərbaycan Xalça Muzeyində keçirildi. Akademik sessiyalarda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Sevil Sadıxova, Azərbaycan Xalça Muzeyindən Şirin Məlikova, Mira Məmmədxanova və Fəxri Əyyubov, Azərbaycan Milli İncəsənət Muzeyindən Nailə Rəhimova, Milli Azərbaycan Tarixi Muzeyindən Məhfuzə Zeynalova, “YARAT” Müasir İncəsənət Mərkəzindən Fərid Abdullayev, “Rəsm” zərgərlik brendinin sahibi Rəsminə Qürbətova təmsil etdilər. Bundan əlavə, Gürcüstan Dövlət Xalq-Tətbiqi Sənət Muzeyindən İzolda Melikişvili, Batumi Arxeologiya Muzeyindən Tamar Şalikadze və İzolda Dumbadze, Gürcüstan Milli Muzeyindən Ermili Maqradze, P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyindən Salixat Həmzətova (direktor) və Aişat Maqomedova öz məruzələri ilə çıxış etdilər.
Seminar ərzində zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi, bərpası və konservasiyası, müasir zərgərlərin muzeylərlə əməkdaşlığı, ənənəvi üslub və texnika ilə hazırlanmış müasir zərgərlik nümunələrinin və ya qədim tarixə malik milli-mədəni ənənələrdən uzaq üsluba müraciət edən sənətkarların hazırladığı məhsulların muzeylər tərəfindən satın alınması, zərgərlik kolleksiyaları üzrə kuratorluq işi, marketinqlə bağlı məsələlər müzakirə olundu. Akademik sessiyanın sonunda məruzəçilərə sertifikatlar təqdim olundu.
Növbəti günlərdə seminar iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyini və onun nəzdində fəaliyyət göstərən bərpa mərkəzini, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Azərsuvenir” MMC və Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etdilər. Burada seminar iştirakçıları ekspozisiya ilə yanaşı, zərgərlik fondları ilə də yaxından tanış oldular.
25-27 yanvar 2017-ci il tarixlərində Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar çərçivəsində zərgərlik sərgisi təşkil olundu.
Sərgidə Azərbaycan, Gürcüstan və Dağıstan zərgərlərinin əl işləri nümayiş olundu. Burada ölkəmizi zərgərlərdən Mehriban Sadıqova, Eduard Şamarayev, Vüqar Xudaverdiyev, Elçin Kərimov, İslam Həzrətov, Samir Misirov, Şahin Əlipənahov, Cəmaləddin Əyyubov, Füzuli Seyidzadə, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və “Rəsm” zərgərlik brendi təmsil etmişdir. Tədbir zamanı zərgərlərə sertifikatlar təqdim olundu.
Azərbaycan zərgərlik məmulatları həm ənənəvi texnika, həm də müasir dizayn üslubları ilə hazırlanmışdır. Gürcüstanın ənənəvi zərgərlik sənəti gümüş üzərində minasazlıq texnikasında hazırlanmış əsərlərdə öz əksini tapmışdır. Dağıstan ənənəvi zərgərlik sənəti Rabadan Kişevin böyük məharətlə hazırladığı nümunələrlə təmsil olundu.