II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu
22-24 may 2017-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq“Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək. Simpoziumun keçirilməsində məqsəd vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı və diqqətini göstərmək və insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir. Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Simpoziumda çıxış edən məruzəçilərin çıxışları topluda nəşr olunacaq.