“5 may – Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər
Cari ilin 4 may tarixində Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olundu. Bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – dəyirmi masa və ustad dərsləri keçirildi.
Tədbirlərdə 100-dən çox ölkəmizin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak etdilər. Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olundu və gün ərzində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olundu.