7-9 iyun tarixlərində Parisdə Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının illik toplantısı keçirildi.
7-9 iyun tarixlərində Parisdə Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının illik toplantısı keçirildi. Burada dünyanın 300-dən çox muzey ekspertləri iştirak etdi. Azərbaycan Beynəlxalq Muzeylər Şurasının sədri Şirin Məlikova bu konfransında iştirak etdi.
Toplantıda illik hesabatlar və növbəti illər üçün yeni proqramların hazırlanması haqqında məlumatlar verildi. Çıxışlarda İCOM-un beynəlxalq və milli komitələrin sıx əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparıldı. Burada “Muzeylərin rolu” (Museum definition) mövzusunda dəyirmi masa və “Kioto-2019” təqdimatı keçirildi. Keçən il Milanda keçirilən İCOM-un Baş Konfransında 2019-cu ildə növbəti Baş Konfransın keçiriləcəyi yer Yaponiyanın Kioto şəhəri seçilmişdir. İCOM-un Baş Konfransı üç ildən bir keçirilir. Növbəti Baş Konfrans 1-7 sentyabr 2019-ci ildə Kioto Beynəlxalq Konfrans Mərkəzində təşkil olunacaq.
Tədbir zamanı Muzeylər və Arxeologiya və Tarix Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (İCMAH) nümayəndələri ilə görüş keçirildi. Görüş zamanı 4-7 oktyabr tarixlərində Bakıda keçiriləcək İCMAH-ın növbəti illik konfransının təşkilatı məsələlərini müzakirə edildi. İCOM Gürcüstan Milli Komitəsinin sədri İnqa Karaia ilə görüş zamanı Axaltsixe şəhərində təşkil olunacaq II Beynəlxalq Xalça Festivalı məsələləri və İCOM Azərbaycan və Gürcüstan milli komitələrinin birgə layihələri haqqında fikir mübadiləsi aparıldı.
Muzeylər və Dekorativ Sənət Nümunələri Kolleksiyaları və Dizayn üzrə Beynəlxalq Komitənin (İCDAD) prezidenti xanım Helena Keniqsmarkova və komitənin idarə heyətinin üzvü xanım Rosita Nenno ilə görüşdə 2018-ci ildə keçiriləcək İCDAD-ın növbəti illik konfransı və konfrans zamanı təşkil olunacaq mədəni proqram və tədbirlərin Bakıda təşkil olunması məsələləri müzakirə edildi.