Beynəlxalq Xalça Festivalı - Tiflis / Axaltsixe
28 iyun – 2 iyul tarixlərində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçiriləcək. Festival Tiflis şəhərində fəaliyyət göstərən Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyi və Axaltsixe şəhərində yerləşən Rabat Qalasında baş tutacaq.
Burada Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Qırğızıstan, Hindistan və digər ölkələrdən dəvət olunmuş xalçaçı rəssamlar, toxucular və bu sahədə çalışan mütəxəssislər iştirak edəcəklər.
Festivalın ilk günü, 28 iyun tarixində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisinin açılış mərasimi keçiriləcək. Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Burada xüsusi zövqlə toxunmuş 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olunacaq. Onlar xalçalar kimi əhalinin məişətində və gündəlik həyatında geniş istifadə edilirdi. Xalça məmulatlarından ən çox yarımköçəri maldarlıqla məşğul olan əhalinin istifadə etməsinə baxmayaraq, bu əşyalar şəhər sakinləri arasında da geniş yayılmışdı. Bu cür məmulatları qadın ustaları əsasən öz ailələrinin ehtiyacı üçün toxuyurdular. Sərgi 28 iyul tarixinədək davam edəcək.
Qeyd edək ki, sərgi bu il keçirilən Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biridir.
Festivalın proqramı 29 iyun – 3 iyul tarixlərində Axaltsixe şəhərində keçirəcək. Burada xalçaların sərgisi, satışı və onların texnologiyaları üzrə ustad dərslərinin təşkili nəzərdə tutulub. Festivalda Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan pavilyonu təşkil olunacaq. Burada ölkəmizdə istehsal olunan xalça və zərgərlik nümunələrinin sərgi satışı, həmçinin Azərbaycan Xalça Muzeyinin xalçaçı rəssamı Taryer Bəşirov tərəfindən çətən toxuma texnologiyası üzrə ustad dərsi keçiriləcək.