Muzeylər Şurasının (İCOM) Muzeylər və Geyim kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin növbəti iclası
Böyük Britaniyanın paytaxtı London şəhərində 26-29 iyun tarixlərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Muzeylər və Geyim kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin növbəti iclası keçirildi. İclasda ölkəmizi İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova təmsil etdi. Şirin Məlikova “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından üç nadir eksponatın tarixi” adlı məruzə ilə çıxış etdi. O, burada Azərbaycan Xalça Muzeyinin kolleksiyasının zənginləşdirilməsi məqsədi ilə son il ərzində əldə olunan XIX əsrə aid eksponatlardan üçü – meyzər, saç bağı (çutqu) və xınayaxtı üçün əlcəklər haqqında ətraflı məlumat verdi. Çıxışda Ş. Məlikova bu əşyaların mənşəyini, gündəlik istifadəsini, inanclarla bağlılığını, xeyir günlərdə istifadə yollarından və bu əşyaların geyim dəstinin vacib hissəsi olmasından söz açdı.