Tiflisdə “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisi
28 iyun – 2 iyul tarixlərində Gürcüstan Xalq və Tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, ICOM Azərbaycan və Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilir.
Festival çərçivəsində 28 iyun tarixində Gürcüstan Xalq və Tətbiqi Sənət Muzeyində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” sərgisinin açılış mərasimi keçirildi. Sərgi bu il keçirilən Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biridir.
Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Burada xüsusi zövqlə toxunmuş 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olunub. Onlar xalçalar kimi əhalinin məişətində və gündəlik həyatında geniş istifadə edilirdi. Xalça məmulatlarından ən çox yarımköçəri maldarlıqla məşğul olan əhalinin istifadə etməsinə baxmayaraq, bu əşyalar şəhər sakinləri arasında da geniş yayılmışdı. Bu cür məmulatları qadın ustaları əsasən öz ailələrinin ehtiyacı üçün toxuyurdular.
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, ICOM Gürcüstan Milli Komitəsinin sərdi İnga Karaia, tarixində Gürcüstan Xalq və Tətbiqi Sənət Muzeyinin direktoru İrina Koşoridze çıxış etdilər.
Sərgi 28 iyul tarixinədək davam edəcək.