Azərbaycan Xalça Muzeyi beynəlxalq konfransda təmsil olundu
Azərbaycan Xalça Muzeyi “1960-2010-cu illərdə dekorativ-tətbiqi sənətin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfransda təmsil olunmuşdur. Hər il MBD ölkələrinin birində keçirilən konfrans bu il Qırğızıstanın Bişkək və Çolpon-Ata şəhərlərində 30 iyul – 4 avqust tarixlərində təşkil olunmuşdur. Tədbir “Birlik irs. Gələcək üçün ənənə” proqramı çərçivəsində Moskva Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyi, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu və ICOM Rusiya Milli Komitəsinin dəstəyi ilə keçirildi.
Konfrans akademik sessiyalardan və mədəni proqramdan ibarət idi.
Akademik sessiyalarda 1960-2010-cu illərdə dekorativ-tətbiqi sənətin inkişafına həsr olunmuş mövzu ətrafında Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistanın rəssam-qrafikləri, aparıcı muzeylərinin nümayəndələri və bu sahəyə aid digər mütəxəssislər tərəfindən 30-dan çox məruzələr dinlənilmişdir.
Beynəlxalq konfransda Azərbaycan Xalça Muzeyini baş mühafiz, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova təmsil etdi. M. Məmmədxanova “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından müasir rəssamların müəllif işləri” məruzəsi ilə çıxış etdi.
Konfransın mədəni proqramı çərçivəsində iştirakçılar Qırğızıstanın aparıcı muzeyləri tanış olub, Çolpon-Ata şəhərində təşkil olunan Beynəlxalq “Oymo. Milli sənətkarlıq və mədəniyyət” festivalına qatıldılar.
Qeyd edək ki, 2016-cı ildə “Birlik irs. Gələcək üçün ənənə” proqramı çərçivəsində “Xalçaçılıq sənəti” adlı konfrans Azərbaycan Xalça Muzeyində təşkil edilmişdir.