Qubadlı rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Zəngəzurun qala qapısı Qubadlı” adlı tədbir
30 avqust 2017-ci il tarixində, saat 12:00-da Azərbaycan Xalça Muzeyi tərəfindən təşkil olunmuş Qubadlı rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Zəngəzurun qala qapısı Qubadlı” adlı tədbir keçirildi.
Azərbaycanın Dağlıq Qarabağ ətrafı rayonlarından biri olan Qubadlının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından artıq 24 il keçir.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı rayonunun 93 kəndi erməni qüvvələrinin nəzarəti altına keçib, 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Bu diyar qədim insan məskənlərindəndir. Müasir dövrə qədər gəlib çatmış keçilməz qayaları, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları buna əyani sübutdur.
Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış məişət nümunələri, əmək alətləri də təsdiq edir. Tapılmış maddi-mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Lakin çox təəssüf ki, bu gün torpaqlarımız kimi maddi-mədəniyyət nümunələrimiz də erməni qəsbkarlarının işğalı altındadır.
Tədbirdə Qubadlı və Laçın Tarix-Diyarşünaslıq Muzeylərinin eksponatlarından ibarət sərgi təşkil olunub. Sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, toxuculuq alətləri, mis qablar və digər məişət əşyaları nümayış olunub.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Qubadlı rayonu Böyük Vətən Müharibəsi Veteranlar Komitəsi Qubadlı rayon şöbəsinin sədri Razim Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə və digər qonaqlar Qubadlının mədəniyyət, incəsənət və elm xadimləri haqqında öz dəyərli fikirlərini bildirib, işğal altında qalan maddi-mədəniyyət nümunələrindən bəhs ediblər.