Basqala səfər
17 noyabr 2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yaradıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü və Azərbaycan Kəlağayısı Günü ərəfəsində kəlağayı diyarı olan Basqal şəhərinə tur təşkil olundu. Turun təşkilatçıları – Azərbaycan Xalça Muzeyi və “Kəlağayı” ipəkçilik mərkəzidir.
Səfərdə muzeyin əməkdaşları ilə yanaşı, Drezden Dövlət Sənət Kolleksiyasının konservatoru Kristina Müller-Radlof və Tatarıstan Respublikası Elmlər Akademiyasının Q. İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun elmi işçisi Lüdmila Şklayeva iştirak etdilər.
Basqalda qonaqlar “Kəlağayi” ipəkçilik mərkəzi ilə yaxından tanış oldular. Burada qonaqları salamlayan mərkəzin təsisçisi və rəhbərləri Rəna İbrahimbəyova və Cəlil Tarverdiyev kəlağayının hazırlanma prosesinin bütün mərhələləri haqqında ətraflı məlumat verdilər. Mərkəzin nəzdində “Kəlağayı” muzeyi də fəaliyyət göstərir. Qonaqlar kəlağayının tarixi və ənənələri ilə əyani şəkildə tanış olub, özləri də bu prosesdə iştirak etdilər.
Qeyd edək ki, 26 noyabr Azərbaycan Kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilmişdir.
Artıq ikinci ildir ki, Azərbaycan Xalça Muzeyi Azərbaycan Kəlağayısı Gününü qeyd edir. Həmin gün kəlağayının istehsal mərkəzlərinə səfərlər təşkil olunur, qonaqlara bu sənətin tarixi və ənənələri haqqında ətraflı məlumat verilir, ustad dərslər təşkil olunur.