AİLƏ GÜNÜ

Azərbaycan Xalça Muzeyi növbəti “Ailə günü” tədbirini təşkil etdi. Tədbir “Açıq qapı” günündə keçirildi. Tədbirin məqsədi – valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası – ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır.
Bu səfər “Uşaq muzeyi” şöbəsi 21 növdə müxtəlif biri-birindən maraqlı müsabiqələr, oyunlar, ustad dərslər və digər əyləncəli və maarifləndirici proqramlar təşkil etdi. “Ailə günü”ndə muzey əməkdaşları ilə yanaşı, uşaqlar tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə birlikdə sehirli nağıllar aləminə səyahət etdilər. HUMEL Psixologiya Mərkəzi ailələrdə yaşanan psixoloji problemlərin təyin edilməsi və art-terapiya metodu ilə onların aradan qaldırılması üçün “Gözləntilər ağacı” adlı proqram təşkil etdi.
“Azərbaycan Kəlağayısı Günü” ərəfəsində təşkil olunan “Ailə günü”ndə bu milli sənətə xüsusi önəm verildi. Ustad dərsin iştirakçılarına kəlağayının tarixi və ənənələri, hazırlanma prosesinin bütün mərhələləri haqqında ətraflı məlumat verildi. Daha sonra onlar özləri də bu prosesdə – ipək parçanın üzərinə naxışvurma ustad dərslərində iştirak etdilər.
Xəbər verdiyimiz kimi, 26 noyabr Azərbaycan Kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilmişdir.
Onu da qeyd edək ki, bu il Azərbaycan Xalça Muzeyi “Azərbaycan Kəlağayısı Günü”nə həsr etdiyi ikinci tədbirdir. Belə ki, birinci tədbir 17 noyabr tarixində keçirilmişdir. Həmin gün kəlağayının diyarı olan Basqal şəhərinə tur təşkil olunmuşdur.