“Azərbaycan Xalça Muzeyinin kolleksiyaları, konservasiya və bərpa şöbəsi ilə tanışlıq” turu
17 noyabr 2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 illiyi və muzeyin yaradıcısı Lətif Kərimovun doğum günü çərçivəsində Qazaxıstan, Qırğızıstan və Rusiyanın muzey və ictimai birliklərinin əməkdaşları üçün “Azərbaycan Xalça Muzeyinin kolleksiyaları, konservasiya və bərpa şöbəsi ilə tanışlıq” adlı tur təşkil olundu.
Qonaqlar muzeyin ekspozisiyası və fondunu ziyarət etdilər. Kolleksiya kuratorları onlara muzeyin ən maraqlı eksponatlarını təqdim edib, müəyyən muzey sərvətlərinin qorunması xüsusiyyətləri ilə bağlı təcrübələrini bölüşdülər. Konservasiya və bərpa şöbəsində qonaqlar xalça, xalça məmulatları, parça, tikmə və geyim kimi tekstil nümunələrinin konservasiyası təcrübəsi ilə tanış oldular.
Gəzinti qurama texnikasında işləyən tanınmış tətbiqçi-rəssam Xalidə Nəsirovanın İçərişəhərdə yerləşən emalatxanasını ziyarət etməklə sona çatdı. Xalidə Nəsirova onlara əsərlərini təqdim etdi. Ənənəvi çay süfrəsi arxasında o, toplaşanlara öz yaradıcılığından danışdı və “qurama” sözü qonaqlara daha yaxın və aydın oldu.