Azərbaycan Xalça Muzeyində “Muzey və könüllülər” adlı tədbir keçirildi
Dekabrın 5-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Könüllülər Günü münasibətilə “Muzey və könüllülər” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, Beynəlxalq Könüllülər Gününün qeyd edilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 17 dekabr 1985-ci il tarixli 40/212 saylı Qətnaməsinə əsasən təsis edilib. O, dedi ki, 2016-cı ildən Azərbaycan Xalça Muzeyi bütün dünyada geniş yayılmış “Könüllülər hərəkatı”na qoşulub. Şirin Məlikova bütün dünyada muzeylərdə könüllülərin çalışdığını vurğuladı. O, qeyd etdi ki, könüllülərin əsas fəaliyyəti insanların muzeylərə marağının artırılması, muzey işində təcrübə, bacarıq və qabiliyyətlərinin inkişafına yönəldilir. Azərbaycan Xalça Muzeyinin bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən Şirin Məlikova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün daha da qətiyyətlə davam etdirildiyini bildirdi. “Ölkəmizdə Vətənə bağlı olan gənclərin könüllülük hərəkatında fəal iştirak etməsi sevindirici haldır. Azərbaycanda keçirilən müxtəlif beynəlxalq və ölkədaxili tədbirlərin təşkilində könüllülərin xüsusi rolu vardır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Humanitar Kollecinin 40-a yaxın tələbəsi muzeyin könüllüləri sırasına qoşulublar” – deyə Şirin Məlikova vurğuladı. O, bildirdi ki, könüllülər arasından altı nəfər artıq muzeydə işlə təmin edilib. Muzeyin ilk iş yeri kimi könüllülərin yaddaşlarında qalacağı və bir kadr kimi formalaşmalarında əhəmiyyətli rol oynayacağını dedi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova Azərbaycan Xalça Muzeyinin təmsil etdiyi ali məktəbin tələbələri üçün təcrübə və istehsalat bazası rolunu oynadığını bildirdi. ADMİU-nun tələbələrinin muzeyin layihələrində iştirak edərək öz yaradıcılıq potensiallarını göstərdiklərini dedi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) İncəsənət tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Sadıxova bildirdi ki, Azərbaycan Xalça Muzeyi bir çox gənc rəssamlar üçün geniş imkanlar açır. Sevil Sadıxova muzeyin “Uçan xalça” layihəsində iştirak edən tələbələrin uğurlu fəaliyyətindən söz açdı. O, dedi ki, Azərbaycanın maddi-mənəvi sərvətləri ilə, mədəni irsimizlə tələbələr burada yaxından tanış olurlar.
“Asan könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda könüllülük hərəkatının vüsət almasında Azərbaycan dövlətinin gənclərə qayğısı və bu sahəyə verdiyi önəmin nəticəsi olduğunu vurğuladı.
Sonra könüllülər tərəfindən muzeydə təcrübə keçdikləri dövrə həsr olunmuş video çarx və təqdimat göstərildi.
Tədbirin sonunda könüllü gənclərə sertifikatlar təqdim olundu.
Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması, bütün dünyaya çatdırılması missiyası Azərbaycan Xalça Muzeyinin əsas məqsəd və vəzifələrindən biridir. Bu istiqamətdə muzey müxtəlif maarifləndirici işlər aparır. Könüllülük dövründə gənclər Azərbaycan Xalça Muzeyinin “Ekspozisiya”, “Fond”, “Mədəniyyət və təhsil”, “Kitabxana”, “Uşaq muzeyi” və digər şöbələrində çalışıb muzey işi ilə yaxından tanış olaraq, mədəniyyət ocağımızın əsas fəaliyyət sahəsi olan milli irsimizin qorunub saxlanması və geniş tamaşaçı kütləsinə çatdırılmasında zəngin təcrübə toplayırlar. Bu ilin 16 may tarixində “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar olaraq Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” kafedrasının birqə layihəsi olan “Muzey könüllüləri” adlı seminar da keçirilib.
Onu da qeyd edək ki, son illərdə Azərbaycan Xalça Muzeyi irimiqyaslı maarifləndirmə və tədris ocağına çevrilib. Bir sıra ali təhsil ocaqlarının tələbələrinin təmənnasız olaraq tədris təcrübəsi keçmələrinə muzeydə hər zaman şərait yaradılır. Eyni zamanda, xarici ekspertlərin keçirdiyi tikmə sənətinin ayrı-ayrı texnikaları və bərpa-konservasiya üzrə ustad dərsləri təşkil olunur.