Azərbaycan Xalça Muzeyində “Xalça sənəti və yeni təsviri imkanlar” adlı mühazirə
Azərbaycan Xalça Muzeyində “Xalça sənəti və yeni təsviri imkanlar” adlı mühazirə
Azərbaycan Xalça Muzeyində tanınmış rəssam, heykəltəraş, sənətşünas CHINGIZ-in “Xalça sənəti və yeni təsviri imkanlar” adlı mühazirəsi keçirildi. O, öz çıxışında xalça sənətinin inkişafından, yeni təsviri imkanların bu qədim yaradıcı sənət sahəsinin fərqli baxış bucağından müasir tərzdə çatdırılmasından danışdı. CHINGIZ öz sənət təcrübəsindən söz açaraq, məhz bu istiqamət üzrə fəaliyyətindən, yaradıcılığından da bəhs etdi.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzənin sonunda müzakirə və sual-cavab oldu. Memar Elçin Əliyev, sənətşünas Rəfael Gülməmmədov və digərləri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.
Auditoriya üçün maraqlı təqdimatla çıxış etdiyinə, fikir və mülahizələrinə görə CHINGIZ-ə təşəkkür edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Azərbaycan xalça sənətinin geniş auditoriyaya çatdırılması, o cümlədən bu mədəni irsin ölkəmizdə və ölkədən kənarda təbliğinin əhəmiyyətini vurğuladı. Bununla bağlı muzeydə görülən işlərdən də söz açan Şirin Məlikova CHINGIZ-ə muzeylə əməkdaşlığı üçün təşəkkür edərək, bu əməkdaşlığın davamlı olacağına əmin olduğunu dedi.
Tanınmış rəssam, heykəltəraş, sənətşünas CHINGIZ Azərbaycanda və xaricdə bir sıra layihələrin kuratoru olub. Onun əsərləri Avropa, Asiya və Şimali Amerikanın şəxsi kolleksiyalarında saxlanılır. Əsərləri Azərbaycan, Gürcüstan, Fransa, Rusiya, İsveçrə, Almaniya, İtaliya, Avstriya və digər ölkələrdəki fərdi və qrup sərgilərində iştirak edib. CHINGIZ-in Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpoziumun çərçivəsində muzeyimiz tərəfindən hazırlanan “Müasir incəsənət xalçalarda” adlı sərgi-layihənin iştirakçısıdır. Bu sərgi üçün xüsusi olaraq toxunulan “Müqavimət” xovlu xalçası hazırda muzeydə nümayiş olunan, ziyarətçilərin böyük marağını qazanan xalçalardan biridir.