Azərbaycan Xalça Muzeyində “Lahıc misgərlik sənəti” adlı mühazirə oldu

Azərbaycan Xalça Muzeyində Lahıcın məşhur sənətkarı, misgər Nəzər Əliyevin “Lahıc misgərlik sənəti” adlı mühazirəsi oldu. Nəzər Əliyev öz çıxışında Lahıc misgərlik sənətinin tarixindən söz açaraq bu peşənin Azərbaycanın ta qədimlərdən indiyədək milli və ənənəvi sənət növü olduğunu bildirdi. O, Lahıcda misgərliyin xüsusən geniş yayıldığını dedi. İnsanların məişətdə istifadə etdikləri mis əşyaların xüsusiyyətlərindən bəhs edərək o, misgərlik nümunələrinin hazırlanma texnologiyaları haqqında geniş məlumat verdi. Müxtəlif mis əşyalar üzərində maraqlı naxışların, təsvirlərin bu əşyalara bəzək verməklə yanaşı, xalqımızın mənəvi və estetik zövqünün göstəricisi olduğunu vurğuladı. Nəzər Əliyev həmçinin bu sənətin inkişaf mərhələlərindən də danışdı. O, bildirdi ki, zaman-zaman bu peşə nəsildən-nəslə ötürülərək yaşadılır və Azərbaycanın qədim yaşayış yerlərində tapılan mis əşyalar misgərliyin ölkəmizdə hələ ilk dövrlərdən təşəkkül tapdığının əyani sübutudur.
Sonra sual-cavab və müzakirələr oldu. Eyni zamanda, Nəzər Əliyev misgərlik nümunələrinin hazırlanma qaydasını əyani olaraq nümayiş etdirdi.