Azərbaycan Xalça Muzeyində “Azərbaycanın ilk malakofauna muzeyi “Rinay”: “Dünya okeanlarının inciləri” adlı sərginin açılışı oldu
Dekabrın 27-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın ilk malakofauna muzeyi “Rinay”: Dünya okeanlarının inciləri” sərgisinin açılışı oldu. Sözügedən muzeyin yaradıcısı, geoloq-alim, professor Tofiq Karayevdir.
Tədbiri açan Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova qonaqları salamlayaraq, bu sərginin okeanların dibindən çıxarılan və bütün kontinentləri təmsil edən unikal bir malakafauna kolleksiyanın təqdimatı olduğunu bildirdi. O, dedi ki, həm alimlər, həm də adi insanlar üçün çox böyük maraq doğuran kolleksiya 40 ildən çox vaxt ərzində toplanıb və Azərbaycanda “Rinay” adlı ilk şəxsi muzeydə saxlanılır. “Təsəvvür etmək çətindir ki, 3 minə yaxın eksponatı olan bu zəngin kolleksiya bir şəxsiyyət tərəfindən yığılır, tədqiq olunur və saxlanılır – bu da çox geniş biliklərə malik olan, son dərəcədə öz işini sevən və həyatının böyük bir hissəsini bu işə həsr edən Tofiq Karayev sayəsində həyata keçirilir” – deyə Şirin Məlikova vurğuladı. O, bildirdi ki, Tofiq Karayevin hərtərəfli maraqları insanı heyran edir. Çünki o, müvəffəqiyyətli idmançı, alim və kolleksionerdir. “Onun əzmi sayəsində “Rinay” muzeyini ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanıdılar. Dünyanın müxtəlif ölkələrində sərgilər keçirilib, onun topladığı kolleksiya mütəxəssislər tərəfindən son dərəcə yüksək qiymətləndirilir“ – deyə Şirin Məlikova diqqətə çatdırdı.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Tofiq Karayevin yaratdığı muzeyin ölkəmizdə bu profilli yeganə muzey olduğunu və öz orijinallığı ilə seçildiyini bildirdi. Sevda Məmmədəliyeva bu sərginin hamı üçün maraqlı olacağına əminlik ifadə etdi. O, Tofiq Karayevin, eyni zamanda idman sahəsindəki uğurlarından da söz açaraq onu unikal bir şəxsiyyət kimi xarakterizə etdi. Sevda Məmmədəliyeva Tofiq Qarayevin elm, idman və mədəniyyət sahəsindəki böyük nailliyyətləri nəzərə alınaraq, onun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin döş nişanı, həmçinin mukafatı ilə təltif olunduğunu diqqətə çatdırdı və döş nişanı və mükafatı ona təqdim etdi.
Tofiq Karayev ölkəmizdə ilk və yeganə olan “Rinay” muzeyinin yaranmasından və fəaliyyətindən söz açdı. O, muzeyin kolleksiyasından danışaraq bu nümunələri əldə etməyindən bəhs etdi. Muzeyin ilk yaradıcısı olan atası görkəmli neftçi, Azərbaycanın əməkdar mühəndis və ixtiraçısı, 30-cu illərdə SSRİ tərəfindən ABŞ-da neft üzrə ekspert vəzifəsini icra edən Karayev Sadıq Kərimbəty oğlunun fəaliyyətindən də söz açaraq, onunla bağlı xatirələrini bölüşdü. Ö, özünün idmandakı uğurları, bu sahədəki fəaliyyətinə də toxunaraq hər zaman Azərbaycanı dünyada qürurla təmsil etdiyini dedi.
Qeyd edək ki, Tofiq Sadıx oğlu Karayev 1936-cı il martın 8-də Bakıda anadan olub. 1958-ci ildə Moskva Dövlət Universitetinin Geologiya fakültəsini, 1965-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1972-ci ildə Patentşünaslıq Politexnik İnstitutunu bitirib. 1961-2000-ci illərdə AMEA-nın Geologiya İnstitutunda böyük mühəndis, qrup rəhbəri və aparıcı elmi işçi vəzifələrində işləyib. Tofiq Karayev Atletika üçnövçülüyü üzrə keçmiş SSRİ rekordçusu, aviamodel idmanı üzrə dünya rekordçusu, bir neçə idman növü üzrə çempion, yüngül atletika üzrə dəfələrlə Azərbaycan çempionu, avarçəkmə və voleybol üzrə ikiqat ölkə çempionu, Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq dərəcəli hakimdir.
“Rinay” malakofauna muzeyi rəsmi olaraq 1986-cı ildən fəaliyyət göstərir. Bu muzey Azərbaycanda yaradılan ilk şəxsi muzeydir, profil üzrə dünyada analoqu olmayan muzey sayılır. Muzeydə Hind, Sakit, Atlantik okeanlarından və dünyanın beş qitəsindən 147 molyusk ailəsinə və onların yüzlərlə növünə aid olan 5 minə qədər incilər toplanıb. Muzeyin unikallığı ondadır ki, burada müasir dəniz və okean molyusklarından başqa, kontinental malakofauna da mövcuddur. Muzeyin nadir kolleksiyası Avstriya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə, Ukrayna, Rusiya, Əlcəzair, İndoneziya kimi ölkələrin milli və paleontologiya muzeylərində nümayiş etdirilib. Muzey dünyanın şəxsi muzeyləri reyestrinə daxil edilib. Keçən ilin mart ayında Tofiq Karayev tərəfindən muzeyin bütün kolleksiyası Heydər Əliyev Fonduna verilib. “Rinay” bir çox xarici ölkə kolleksionerləri arasında kifayət qədər tanınır və Azərbaycana gələn qonaqlar bu unikal kolleksiya ilə tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, sərgi Azərbaycan Xalça Muzeyində 2018-ci il yanvar ayının 4-dək nümayiş olunacaq.