Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi bu dəfə toy döşlüyünün (meyzər) tarixinə həsr olundu
Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasına 2016-cı ildə daxil olmuş və kolleksiyada yeganə olan toy döşlüyünün (meyzər) tarixinə həsr olunmuş mühazirə keçirildi.
Muzeyin Mədəniyyət və təhsil şöbəsinin bələdçisi Ülkər Rəhimzadə müxtəlif ölkə xalqlarının geyimlərində döşlük və önlüklərin tarixi, onların mənaları, istifadəsi, rəng çalarlarının, üzərindəki elementlərin kəsb etdiyi mənalar, türk xalqlarında, o cümlədən Azərbaycanda döşlüyün geyimdə istifadəsi haqqında məlumat verdi. Mühazirədə ölkəmizdə döşlük və önlüklərlə bağlı tarixi və müasir adət-ənənələrdən danışıldı.
Qadın geyim növlərindən biri də döşlük və önlüklərdir. Milli və etnik xüsusiyyətləri, düşüncə tərzi, hər şeydən əvvəl geyimlərdə təzahür etmiş, milli geyimlər dövrünün tələb və xüsusiyyətlərinə cavab verməklə yanaşı, xalqın ənənələrinə də sadiq qalmışdır. Döşlüklər və önlüklər Qafqaz xalqlarında geniş yayılmışdır. Etnoqrafik materiallar Azərbaycanda “meyzər”, “döşlük”, “önlük” adı ilə bəlli olan və iş paltarı sayılan xüsusi geyim növünü təsbit etmişdir.
Muzeyin kolleksiyasına 2016-cı ildə daxil olmuş və kolleksiyada yeganə olan toy döşlüyü (meyzər) 19-cü əsrə aiddir və Şirvan qrupuna məxsusdur. Döşlüyün materialı 19-cu əsrin II yarısına aid Rusiya istehsalı olan üzəri ipək və qızılı saplarla bitki ornamentləri işlənmiş tünd rəngli bənövşəyi zərxaradan ibarətdir. Döşlüyün gümüş qəpiklərlə bəzədilməsi evə var-dövlət və firavanlıq gətirməsi mənasını daşıyır. Əsasən bu növ döşlük gəlin bəy evinə evin xanımı kimi daxil olarkən geyinilirdi.
“Bir eksponatın tarixi” layihəsində ilk dəfə olaraq Uşaq muzeyi şöbəsinin dərnək üzvləri tədbirə qoşularaq döşlük və önlüklərin rəsmini çəkib nümayiş etdirdilər. Həmçinin parça materialdan döşlük hazırlandı.
Maraqlı mühazirə sual-cavab və müzakirələrlə yekunlaşdı.