Azərbaycan Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi, Xocalı incəsənət əsərlərində” adlı tədbir keçirildi
Fevralın 23-də Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 26-cı anım gününə həsr olunmuş “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi, Xocalı incəsənət əsərlərində” adlı tədbir keçirildi. Tədbirdən öncə muzeyin rəhbərliyi və kollektivi Xocalı prospektində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət etdilər, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Tədbirdə çıxış edən muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima və Naqasaki dəhşətli faciələri ilə bir sırada dayanır. Misli görünməmiş vəhşiliklə törədilən bu soyqırım aktı yüzlərlə xocalılı dinc əhalinin kütləvi məhvinə səbəb olub. Erməni işğalçıları nəinki bizim torpağlarımızı işğal altında saxlayır, bizim milli-mədəni nümunələrimizi də mənimsəyib öz adlarına çıxaraq beynəlxalq arenada onları özlərininki kimi təqdim edirlər. Lakin ermənilərin bu məkrli siyasətinin qarşısı alınır. “Bu sahədə cənab Prezident İlham Əliyevin və Birinci xanım, Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, dövlətimizin davamlı siyasəti nəticəsində böyük işlər görülür, ölkəmizin zəngin mədəniyyəti geniş təbliğ olunur” - deyə, muzeyin direktoru vurğuladı. Şirin Məlikova bu işdə Xalça Muzeyinin fəaliyyətindən də söz açaraq, muzeyin kolleksiyasında Qarabağda ermənilər tərəfindən talanıb xaricə aparılan, “erməni xalçası” adı ilə xarici hərraca çıxarılan, uzun müddətdən sonra Vətənə qaytarılan “Baxçada güllər” Qarabağ xalçasının da sərgiləndiyini diqqətə çatdırdı. Muzeyin direktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünyaya səs salan “Xocalıya ədalət”in nəhayət ki, baş tutacağını, azərbaycanlıların, o cümlədən Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etdi. Şirin Məlikova əmin olduğunu bildirdi ki, biz öz milli-mədəni irsimizə, maddi sərvətlərimizə yenidən sahiblənəcəyik.
Muzeyin Şuşa Filialının müdiri Əlisəfa Nuriyev bildirdi ki, Azərbaycan Xalça Muzeyinin “Şuşa filialın”nın hazırladığı anım tədbirini keçirməkdə məqsəd xalqımızın başına gətirilən bu faciəni gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva öz çıxışlarında bir daha nəzərə çatdırdılar ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə Xocalıda Azərbaycan xalqına qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş və yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilmiş, minlərlə əhalisi olan bütöv bir rayon yerlə yeksan edilmişdir.
Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Samir Sadıqov “Məhv edilmiş mədəni irs”, Rəssamlar İttifaqının şöbə müdiri Aydın Rəcəbov “Xocalı soyqırımı incəsənət əsərlərində” mövzusunda məruzə ilə çıxış etdilər.
Muzeyin mətbuat katibi Zeynab Kazımova müəllifi olduğu “Onun adı... Xocalıymış..” şerini oxudu.
Sonra Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Bərdə şəhərində yerləşən Ağdam Xalça İstehsalat Vahidliyində Xocalıdan olan toxucular tərəfindən toxunulmuş Xocalı faciəsinə aid “Ana fəryadı” xovlu xalçası nümayiş olundu.
Tədbirin sonunda Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli Kvartetinin müşaiyəti ilə Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Anar Şuşalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.