Azərbaycan Xalça Muzeyindən xanım jurnalistlərə 8 mart hədiyyəsi
Azərbaycan Xalça Muzeyində “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə xanım jurnalistlər üçün mediatur təşkil olunub. Tədbirdə ölkənin müxtəlif media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak ediblər.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova media nümayəndlərini salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirdi. Şirin Məlikova bu görüşün muzeyin fəaliyyəti dövründə ilk mediatur olduğunu diqqətə çatdırdı. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə muzeyin hazırkı binasının açılşının muzeyin həyatında çox əlamətdar bir hadisə olduğunu xatırlatdı. “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib” - deyə muzeyin direktoru bildirdi. Dövlətimizin muzeylərə qayğı və diqqətindən söz açaraq, Şirin Məlikova Xalça Muzeyinin fəaliyyəti, burada görülən işlər haqqında qısa məlumat verdi. O, muzeyin 2017-ci ildə 50 illik yubileyinin qeyd olunduğunu və bununla bağlı bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin təşklil olunduğunu nəzərə çatdırdı. Ş.Məlikova dedi ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyasında bənzərsiz gözəlliyə məxsus, zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını əks etdirən xovlu və xovsuz xalçaların nadir nümunələri saxlanılır. Muzey tərəfindən xaricdən alınıb Vətənə gətirilən qiymətli və nadir Azərbaycan xalçalarının muzeyin kolleksiyasında xüsusi yer tutduğunu vurğuladı. Muzeyin direktoru bu istiqamətdə işlərin davam etdiriləcəyini də bildirdi. Xanım jurnalistləri qarşıdan gələn “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edən Şirin Məlikova onlara muzeyin fəaliyyəti ilə bağlı məlumatların ölkə mediasında işıqlandırılmasında göstərdikləri əməyə görə minnətdarlığını bildirdi.
Sonra muzeyin mətbuat katibi Zeynab Kazımovanın bələdçiliyi ilə mediatura start verildi. Daha sonra muzeyin peşəkar bələdçiləri tərəfindən jurnalistlərə muzeyin ekspozisiyasında nümayiş olunan xovlu və xovsuz xalçalar, tikmələr, zərgərlik məmulatları, mis qablar, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlar və digər muzey eksponatları təqdim olundu, hər bir eksponat, xalça nümunəsi haqqında geniş məlumat verildi. Media nümayəndələri muzeyin tarixi və fəaliyyəti haqqında geniş şəkildə məlumatlndırıldılar. Bununla yanaşı, media nümayəndələrinin övladları “Uşaq muzeyi” şöbəsi tərəfindən hazırlanan “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş
“Analar və balalar - Ailə günü” çərçivəsində maraqlı proqrama qoşuldular.
Mediaturun sonunda xanım jurnalistlərə muzey tərəfindən hədiyyələr təqdim olundu.