Azərbaycan Xalça Muzeyində Novruz bayramı ilə bağlı silsilə “Ailə günü”nə start verilib
Azərbaycan Xalça Muzeyində “Ailə günü” proqramı çərçivəsində xalqımızın qədim milli bayramı olan Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər təşkil olunur. Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olur. Novruz bayramı ilə bağlı xalqımızın əsrlərdən gələn adət-ənənələri, bayram mərasimləri haqqında, xalqımızın həyatında bu bayramın özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunur.
Artıq Novruz bayramı ilə bağlı silsilə “Ailə günü” tədbirlərinə start verilib. Müxtəlif maraqlı tədbirlərlə yanaşı, “Bir eksponatın tarixi” layihəsində muzeyin “Xovsuz xalçalar” kolleksiyasında saxlanılan şəddə xalçalarının toxunma texnologiyalarından, Novruz ənənələri ilə bağlı tarixindən də söz açılıb.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyan bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edəcək. Burada məqsəd Bakının sakinləri və şəhərimizin qonaqlarına Azərbaycanın maddi-mədəni irsini, milli mədəniyyəti təbliğ etməkdir.
Bununla yanaşı, muzeydə Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində çərşənbələrə həsr olunan xüsusi proqramlar təqdim olunub.
Qeyd edək ki, 21-25 mart tarixlərində saat 11.00-18.00 Novruz bayramına həsr olunmuş “Ailə günü” keçirilir.