Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
Aprelin 18-də Azərbaycan Xalça Muzeyində “Reinkarnasiya” layihəsi çərçivəsində Xalça Muzeyinin dəstəyi ilə “İlmələnmiş zaman” adlı sərginin açılışı oldu. Məqsəd Azərbaycan xalçalarına müasir baxış, xalça elementlərinin forma görüntüləri və ümumiyyətlə, xalçanın rəssam təxəyyülündə inikasını nümayiş etdirməkdir. Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elşən Sərxanoğlu və Eldar Babazadənin əsərlərinin nümayiş olunduğu bu sərgidə instalyasiya, rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Müəlliflər tərəfindən Xalça Muzeyinin kolleksiyasından öz yaradıcı əsərlərində istifadə olunan əsas motivlərlə bəzədilmiş 19 əsrin sonuna aid Quba-Şirvan tipinə məxsus xalçalar nümayiş olunur və həmin ideyanı daha nümunəvi şəkildə göstərir.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, Xalça Muzeyində bu cür sərgilər və layihələr mütəmadi keçirilir. “Keçən ildən muzeyin ekspozisiyasına konseptual rəssamların əsərləri integrasiya olunub və çox gözəl nəticə əldə olunub: Haqverdiyev, Fərid Rəsulov, Faiq Əhməd, Çingiz Babayev kimi tanınmiş rəssamların Azərbaycan xalçaçılıq ənənələrinə söykənən əsərləri hər zaman tamaşaçıların diqqətini cəlb edir. Bu da muzeyin daimi inkişafı, yeni auditoriyanın cəlb edilməsi məsələlərini özündə ehtiva edir” – deyə, o, vurğuladı.
Bu layihənin çox gözəl təşəbüs olduğunu deyən Şirin Məlikova layihənin davam edəcəyinə inamını ifadə etdi. O, qeyd etdi ki, belə layihələr zamanı rəssamlar muzeylərlə sıx əlaqə qurur, kolleksiyalara yeni maraq oyadır, daha geniş auditoriyanı muzeylərə cəlb edirlər.
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev və Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Elşən Sərxanoğlu layihə haqqında danışaraq, sərginin təşkilinə görə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlıq ifadə etdilər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, 2015-ci ildə bir qrup rəssam tərəfindən yaradılmış “Reinkarnasiya” layihəsinin məqsədi ətraf aləmdə baş verən hadisələrə yaradıcı münasibət, fərdi yanaşma və fəlsəfi düşüncə tərzini nümayiş etdirməkdir.
Sərgi 28 aprel tarixinədək davam edəcək.