Azərbaycan Xalça Muzeyində “5 may – Xalçaçı günü”nə həsr olunmuş sərgi açıldı
Mayın 4-də Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərginin açılış mərasimi oldu. Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, xalçaçı rəssam və ekspertlər, ali məktəblərin müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak edirdilər.
Sərgidə Azərbaycan Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar – xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olundu.
Ənənəvi texnologiya şöbəsi muzeydə 2013-cü ildən fəaliyyət göstərir. Şöbədə muzeyin ekspozisiyasındakı xalçaların ikinci nüsxəsi və eynilə kiçik ölçüdə xalçaların eskizləri rəssamlar tərəfindən çəkilir və toxucular tərəfindən toxunulur. Bu xalçaları toxucular muzeyin ekspozsiyasında yerləşən dəzgahlarda toxuyaraq muzeyə gələn qonaqlara xalça toxuma prosesini əyani surətdə nümayiş etdirirlər. Ənənəvi texnologiya şöbəsində itirilmiş ənənələri bərpa etmək məqsədilə bütün xovsuz xalça texnologiyaları yaşadılır. Bu məqsədlə şöbənin işçiləri tərəfindən 2017-ci il fevral ayinin 17-dən etibarən “Ailə günü” çərçivəsində xovsuz xalça nümunəsi olan çətən üzrə ustad dərsləri keçirilir. Ənənəvi texnologiya şöbəsi 2017-ci il ərzində xovsuz xalça texnologiyaları olan zili, vərni, şəddə, sumax, palaz, çiyipalaz, kilim, cecim, ladı, qədirqə üzrə ustad dərsləri keçirib.
Ölkəmizdə toxuculuğun inkişafı haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanıb. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamlar bu sahənin dövlətimiz tərəfindən diqqətdə saxlanmasının və xalqımıza məxsus bu qədim xalq sənətinin bu gün də yaşadılaraq gələcək nəsillərə çatdırılmasında göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində, həmçinin Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bu istiqamətdə göstərdiyi səyləri nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, Xalça Muzeyi xalçaları qoruyub nümayiş etdirməklə bərabər, eyni zamanda, xalçaçılıq ənənələrini davam etdirir, bu sənəti yeni nəslə çatdırmağa çalışır.
Muzeyin direktoru Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının simasında peşə bayramını qeyd edən bütün xalçaçıları təbrik etdi.
Sonda qonaqlar sərgi ilə tanış oldular.