Azərbaycan Xalça Muzeyində “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərginin açılışı oldu
Azərbaycan Xalça Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərginin açılışı oldu.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və nazirliyin əməkdaşları, bir sıra dövlət və hökumət qurumlarının təmsilçiləri, tanınmış rəssamlar və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Sərgidə xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin əsasında əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçaların təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, sərgi Azərbaycanın Ümummilli lideri, adı Azərbaycanın müstəqilliyi, dövlətçiliyinin bərpası, Şərqdə ilk demokratik respublikanın varisliyi, mədəniyyət də daxil olmaqla, bütün sahələrin inkişafı ilə sıx bağlı olduğu ulu öndər Heydər Əliyevin 95 illik yubileyi çərçivəsində keçirilir. Dünyada ilk dəfə olaraq ən zəngin və güclü xalçaçılıq ənənələrinə malik Azərbaycanda Xalça Muzeyinin yaranması da Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda muzey işinin inkişafında Ümummilli liderin xidmətlərini xatırladan Ş.Məlikova bu gün Xalça Muzeyi və ümumilikdə, xalçaçılıq sənətinin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daima diqqəti altında olduğunu dedi.
Şirin Məlikova SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse prezidenti, Azərbaycan və Rusiyanın bir çox yüksək dövlət mükafatları laureatı, Sovet dönəminin aparıcı rəngkarlıq cərəyanlarından biri olan “sərt üslubun” ən mühüm fiqurlarından biri sayılan Tahir Salahovun əsərlərinin dünyanın nüfuzlu muzeylərində və rəsm qalereyalarında daima nümayış olunduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan Xalça Muzeyinin də daimi ekspozisiyasında dahi rəssamın məşhur əsərlərini görmək mümkündür. “Bu möhtəşəm tablolar xalça sənəti dilinə köçürülmüş yeni əsərlərdir. Artıq bir neçə ildir ki, Tahir Salahov bu sahədə yeni eksperimentlər edir. O, hər zaman yorulmadan yeni üfüqləri kəşf edən yaradıcı şəxsiyyətdir. Xalça da artıq onun yaradıcılıgında öz yerini tutmağa başlayır “ – deyə muzeyin direktoru vurğuladı. O, yeni xalçalarını muzeyə təqdim etdiyi üçün Tahir Salahova təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Tahir Salahovun yaradıcılığını yüksək qiymətləndirərək, tanınmış rəssamın əsərlərinin dünyanın bütün nüfuzlu muzey və qalereyalarında sərgiləndiyini, eyni zamanda onun yeni əsərlərinin böyük marağa səbəb olduğunu vurğuladı. Əbülfəs Qarayev Ümummilli lider Heydər Əliyevin hər zaman mədəniyyətimizin, milli ənənələrimizin, yaradıcı insanlarımızın fəaliyyətinə yüksək qiymət verdiyini və bu gün də onların hər zaman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunduğunu dedi.
Xalça Muzeyinin baş rəssamı, Azərbaycanın əməkdar rəssamı Taryer Bəşirov Tahir Salahovun əsərlərindən ilhamlanaraq, onunla həmmüəllif olaraq yaratdıqları xalçaların ərsəyə gəlməsindən, təqdim olunan xalçaların bədii xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, buraya Ümummilli liderin Heydər Əliyev Fondunda saxlanılan portretinin reproduksiyası, Maqsud İbrahimbəyov və Koroğlu portretləri daxildir.
Sonda çıxış edən xalq rəssamı Tahir Salahov hər bir əsərin meydana gəlməsi tarixçəsindən danışdı, sərgiyə tədim olunan xalçaların özünəməxsus keyfiyyətlərindən bəhs etdi, Bununla yanaşı, Tahir Salahov Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edərək, Ulu öndər haqqında xatirələrini bölüşdü. Xalq rəssamı tədbirin təşkilinə görə nazirliyin və muzeyin rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Sərgidə Ümummilli lider Heydər Əliyevin, bəstəkar Fikrət Əmirov, yazıçı Maqsud İbrahimbəyov və xalq qəhrəmanı Koroğlunun portretləri toxunan xalçalar nümayiş olundu.
Sərgi mayın 15-dək davam edəcək.