İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində

İyulun 19-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, qızı Laura Mattarella, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi Azərbaycan Xalça Muzeyi ilə tanış oldular.
Qonaqları salamlayan Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova muzeyin tarixi, xalqımızın qədim xalçaçılıq sənəti və onunla bağlı adət-ənənələr haqqında məlumat verdi.
Qonaqlar ekspozisiya ilə tanış olarkən xalçanın toxunması ilə canlı tanış oldular. Ş.Məlikova Azərbaycan Xalça Muzeyinin İtaliya muzeyləri ilə əlaqələrindən və son illər ərzində İtaliyanın özəl kolleksiyalardan əldə olunan xalçalardan danışdı.
Monitorda nümayiş etdirilən orta əsr Avropa rəssamlarının əsərlərindəki Azərbaycan xalçalarının təsvirləri qonaqlarda xüsusi maraq yaratdı.
Sonra qonaqlar muzeyimizin rəy kitabında öz təəsüratlarını qeyd etdilər.
Sonda qonaqlara muzeyin “Ənənəvi texnologiya” şöbəsi tərəfindən toxunmuş kolleksiyamızda olan XVIII əsrə aid “Xilə-buta” xalçasının replikası və digər hədiyyələr təqdim olundu.