Ağdam rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş “Qarabağın giriş qapısı – Ağdam” adlı anım tədbiri
İyulun 20-də Azərbaycan Xalça Muzeyində Ağdam rayonunun işğalının 25-ci ildönümünə həsr edilmiş “Qarabağın giriş qapısı – Ağdam” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyası Səbail rayonun təşkilatçılığı ilə reallaşdı.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Ş. Məlikova öz çıxışında xalça muzeyi tərəfindən işğal olunmuş ərazilərin mədəniyyətinin təbliği sahəsində bir sıra tədbirlərin keçirilməsi haqqında məlumat verdi. Belə ki, muzeyin bir hissəsində artıq uzun illərdir ki, Şuşa filialı fəaliyyət göstərir. Ekspozisiyada Qarabağ otağının interyeri yaradılmışdır. İl ərzində işğal altında olan rayonların anım günlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ən çox ziyarətçiləri olan muzey olaraq burada vətəndaşlara və xarici qonaqlara ekskursiyalar zamanı işğal olunmuş ərazilər haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, son iki il ərzində xarici muzey və şəxsi kolleksiyalarda qorunan xalçaları müəyyənləşdirərək onların atribusiya məsələsi qaldırılır. Bu nümunələrin Azərbaycana mənsubluğunu elmi faktlarla sübut edilir. Bundan əlavə, o, Qarabağa aid xalçaların tarixi vətəninə qaytarılmasından da söz açdı. Bu sahədə muzeyə dəstək olan Heydər Əliyev Fondu və fondun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Amerikada yaşayan həmvətənimiz Elşad Tahirova və digər vətənpərvər insanlara təşəkkürünü bildirdi.
Daha sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Xalça Muzeyinin Şuşa Filialının müdiri Əlisəfa Nuriyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova və “Azərxalça” EYİB Ağdam Xalça İstehsalat Vahidliyinin sabiq direktoru Aybəniz Cəfərova çıxış etdi.
Daha sonra Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz” adlı film təqdim olundu. Film bütünlükdə Ağdam rayonunun dünəninə, bu günü və sabahına həsr edilmiş tarixi faktlara əsaslanır. Filmdə Ulu Öndərin Ağdama və ağdamlılara verdiyi dəyəri və Azərbaycan Respublikası Prezidentinin qaçqın vətəndaşlarımıza, o cümlədən Ağdam rayonu əhalisinə diqqətini, Ağdam ictimaiyyətilə görüşlərini tərənnüm edən faktlar əks etdirilir.
Tədbirin bədii hissəsində ağdamlı muğam ustaları – Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurova öz ansanblı, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi muğam üçlüyünün müşayəti ilə muğam parçalarını ifa etdilər. Sonra isə qiraətçi Əməkdar artist Azad Şükürov Qarabağa həsr olunmuş şer söylədi.