Oxucularımızı 25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu ilə tanış etməyə davam edirik.
Oxucularımızı 25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu ilə tanış etməyə davam edirik. Simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir.
Bu mötəbər beynəlxalq foruma Amerika, Avropa və Asiya ölkələrindən keçə sənəti üzrə dünya şöhrətli mütəxəssislər - sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri qatılacaqlar. Onların arasında öz əsərlərini Osmanlı keçə texnikasında təqdim edəcək Mehmet və Tereza Girgiç (Türkiyə) də olacaq. Onlar, eyni zamanda bu texnika üzrə ustad dərslər keçirəcəklər.
Osmanlı texnikası özündə parça səth (bir qayda olaraq ipək) üzərinə keçə ornamentlərinin tətbiqini birləşdirir. Bu, mürəkkəb, fakturalı səthə malik məmulatlar yaratmağa imkan verir və həm də teksturaların müxtəlifliyi çox böyük olur. Bu halda rəng məmulatın tərtibatının bir elementi kimi ön plana çıxmayaraq, fakturanı tamamlayır.
Mehmet və Tereza Girgiçin əsərlərinin əsasını yaradıcı surətdə işlənilmiş Böyük İpək Yolunun ənənəvi tikmələri təşkil edir. Girgiç keçə sənətinin ənənəvi tərəflərini digər sənət növləri ilə birləşdirərək, keçə sənətinə təkcə gələcək həyat deyil, həm də yeni inkişaf yolları da yaratmaqla tanınır.